Məxmər pərdələr və Mizesin müdrikliyi
Hara baxacağımızı bilsək, iqtisadi prinsiplər ətrafımızdadır.
İndiyə qədər xərclədiyim pula ən dəyən məhsul çəhrayı rəngdə məxmər pərdələrdir. 2003-cü il idi və İngiltərədə xarici təhsil alırdım. Onda çox aşağı alıcılıq qabiliyyətinə malik idim və xarici ölkədə keçirəcəyim vaxt üçün yaxşı hazırlıq görməmişdim. Digər iki sinif yoldaşımla birlikdə Böyük Britaniyaya gəldikdə, gecələmək üçün bir yer tapacağıma dair heç bir real zəmanət yox idi. Lakin gənc olanda hər şeyin öhdəsindən gələ biləcəyinizi düşünürsünüz.
Bundan əvvəl mənə yeganə təklif olunan kampus yataqxanasında yaşamaq seçimindən imtina etdim, çünki qiymət çox yüksək idi. Fikirləşdim ki, təkbaşına daha yaxşısını edə bilərəm və digər iki tələbəni də özümə inandırdım. Olduqca gözümüzü qorxudan gəlişdən və uzun çəkən axtarışdan sonra bir mənzil əldə edə bildik və bunun üçün əvvəlcədən xeyli miqdarda pul yığmışdıq. Bununla belə, aldığımız qərar kampusdan məsafəni də nəzərə alsaq, ictimai nəqliyyat kimi digər xərclərə də səbəb olacaqdı.
Kirayə haqqımızın aşağı olmasının bir səbəbi şəhərdən kənarda yerləşmə olsa da, digər səbəb mənzilin heç nə ilə təmin olunmaması idi — televizor, internet, qabyuyan, paltaryuyan maşın yox idi və yalnız bir neçə mebel vardı. Burada yataq dəsti kimi kampusdakı mənzillərin təmin edə biləcəyi əsas ehtiyaclardan heç biri yox idi.
Bu mənə çəhrayı pərdələri gətirdi. Gecələr soyuq keçirdi, lakin çamadanımda yer dar olduğundan səfərdən sonra saxlaya bilməyəcəyim yeni yorğan almağa imkanım çatmadı. Aldığım hər şey funksional, eyni zamanda biristifadəlik olmalı idi. Buna görə də, yataq dəsti axtarmaq əvəzinə, məni isti saxlayacaq bir şey axtardım. Diqqətimi faydalılığa—əşyanın nə olduğuna deyil, nə etməli olduğuna yönəltdim. “Titanik” filmini izləyən hər kəs bilir ki, Keyt Vinsletin canlandırdığı obrazı xilasedici qayıq xilas etməyib; qızı bir qapı xilas etmişdi—ona sadəcə üzə bilən bir şey lazım idi.
Alıcılıq qabiliyyətimiz yüksək olduqda, çox vaxt istəklərimizə, tərzimizə və vəziyyətimizə görə daha çox xərcləyirik. Bununla belə, büdcəmiz qeyri-kafi olduqda, çox vaxt təməl ehtiyaclara diqqət yetiririk və bu, yaxşı bir şey ola bilər! Funksionallıq üçün satın aldıqda, xərclərimiz və qənaətlərimiz mövzusunda daha yaradıcı, daha az israfçı və həqiqətən operativ davranırıq.
4 funt sterlinqə (təxminən 4 dollar) ən isti yorğanı ala bildim: yerli ikinci əl mağazasından qalın çəhrayı məxmər pərdələr. Onların camaşırxanada yuyulması bir neçə funt baha başa gəlsə də, bazarlığımdan çox məmnun qaldım. Ucuz başa gəldi, işini gördü və titrədən gecələr üçün qeyri-adi bir həll yolu oldu.
Artıq böyük bazarlıqlarla bağlı verilmiş hüdudlardan kənarda düşünmək lazım gəldikdə, ağlıma bu pərdələr gəlir. Pula qənaət strategiyalarımın Karl Mengerin Avstriya təlimləri və Lüdviq fon Mizesin prakseologiya tətbiqi ilə uyğun gəldiyini nəzərə aldıqda, bu, bəlkə də, təəccübləndirməyəcək şəkildə yaxşıca işimə yaradı.
Beləliklə, Avstriya düşüncə məktəbindən hansı nəticələri çıxarmaq olar? Əsas ideyalardan bəziləri aşağıda verilmişdir:
- Malların və xidmətlərin iqtisadi dəyəri subyektiv xarakter daşıyır: Mən pərdələri pəncərədən asılmaları üçün deyil, istiliyi və çəkisinə görə dəyərləndirirdim.
- Alternativdən imtina xərcləri əhəmiyyət daşyır: Mənzilimin rahatlığına yüksək miqdarda pul xərcləməyi dəyərləndirməsəm də, pulumun çox hissəsini ekskursiyalara və Avropanı kəşf etməyə xərcləyərək dəyərləndirdim. Yaşayış xərclərinə qənaət etməklə, gəzməyə daha çox xərcləyə bildim.
- Resurs çatışmazlığı yaradıcılığı stimullaşdıra bilər: əgər mənim mənzilim tam təchiz olunsa və bütün ehtiyaclarım ödənsəydi, hüdudlardan kənarda düşünmək məcburiyyətində qalmayacaqdım.
- Bazar əslində təşəbbüskarlıq prosesidir (əksər Avstriyalı iqtisadçı bu fikirdədir) və bizlər təşəbbüskar varlıqlarıq. Seçimlər aşkar və ya məhdud olduqda heç vaxt qərar verməyin. Əgər kampus yataqxanasında yaşamaq seçimini etsəydim, bu qədər gözəl xatirələri və xarakter formalaşdıran təcrübələri əldən verəcəkdim (məsələn, paltarlarımı vannada yumağı, tramvay hərəkətsiz qalarkən gəzməyə məcbur olanda itməməyi, yaxud da TV şoularına baxmaq əvəzinə gözəl söhbətləri dəyərləndirməyi öyrənmək).
Nəticədə, dəyər dəyişə bilər, lakin həqiqətən ehtiyacı ödəyən alış üçün heç vaxt peşman olmayacaqsınız və ehtiyacın qarşılanıb-qarşılanmadığını mühakimə etmək istehlakçının ixtiyarındadır. İstehlakçı kapitalist sistemdə həqiqətən də, suverendir və bunu Mizes 1944-cü ildə nəşr olunan “Bürokratiya” kitabında düzgün təsvir etmişdir:
Kapitalist bazar iqtisadiyyatı sistemində əsl rəhbər istehlakçılardır. Satın alaraq və ya satın almaqdan qaçınaraq, onlar kapitalın kimə məxsus olması və fabrikləri kimin idarə etməsi barədə qərar qəbul edirlər. İstehlakçılar nəyin, hansı miqdarda və keyfiyyətdə istehsal edilməli olduğunu müəyyənləşdirirlər. Onların münasibəti sahibkar üçün ya mənfəətə, ya da zərərə gətirib çıxarır. Kasıbı varlı, varlını kasıb edirlər.
İstehlakçılar amansızdır. Onlar heç vaxt daha az səmərəli istehsalçıya fayda qazandırmaq və daha yaxşı idarəetmədəki uğursuzluğun nəticələrindən qorumaq üçün satın almırlar. Mümkün olduğu qədər yaxşı xidmət göstərilməsini istəyirlər. Kapitalist sisteminin iş prinsipi isə sahibkarı istehlakçıların əmrlərinə tabe olmağa məcbur edir.
İstehlakçılar tələbkar rəhbərlərdir. Onlar şıltaqlıq və kaprizlərlə doludur, dəyişkən və təxmin edilə bilməyəndirlər. Keçmişdəki nailiyyətlərə əhəmiyyət vermirlər. Onlara daha bəyəndikləri və ya daha ucuz başa gələn məhsul təklif olunan kimi köhnə təchizatçılarını tərk edirlər. Onlar üçün heç bir şey öz məmnuniyyətlərindən daha vacib deyil. Onları nə kapitalistlərin eqoist maraqları, nə də istehlakçı kimi əvvəllər satın aldıqları məhsulları almağı dayandırsalar, işini itirəcək işçilərin taleyi maraqlandırmır.
Bu mövzuların gündəlik həyatda nə qədər tez-tez ortaya çıxması təəccüblüdür. İqtisadiyyat həqiqətən bizi hər tərəfdən əhatə edir.
Bu məqalə “Creative Commons Attribution 4.0” beynəlxalq lisenziyasının şərtləri əsasında Kimberlee Josephson və İqtisadi Təhsil Fondunun icazəsi ilə istifadə edilib. Məqalənin orijinalını burada tapmaq mümkündür.